AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub
Bölmənin sədri, akademik Fuad Əliyev toplantını giriş sözü ilə açaraq, gündəlikdəki məsələləri işirakçıların diqqətinə çatdırıb. O, çıxışçıları aidiyyatı məsələləri şərh edərkən konkretliyə və səmərəli yanaşmaya dəvət edib.
Gündəlikdəki ilk məsələ kimi Bölmədə yeni işıq üzü görmüş “Gəncə incəsənəti” kitabının məzmunu haqda məlumat verilib. Bu barədə kitabın tərtibatı prosesini birbaşa həyata keçirmiş tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova danışıb. O, bir daha 13 fəsildən ibarət olan bu kitabın ərsəyə gəlməsi prosesində memarlıq, heykəltəraşlıq, dekorativ-təsviri sənət, zərgərlik və digər bədii-metalişləmə sahələri, xalçaçılıq, ipəkçilik və sair toxuculuq üsulları, gil-saxsı və çini istehsalı və rəssamlığı, musiqi yaradıcılığı, həmçinin müxtəlif yönlü el sənəti və digər sənətkarlıq nümunələri üzrə mövzu istiqamətlərinin işlənildiyi vurğulayıb və bu möhtəşəm elmi layihənin həyata keçirilməsinə rəhbərlik etmiş akademik Fuad Əliyevə bütün işçi qrup adından təşəkkür və xoş arzular çatdırıb.
Akademik Fuad Əliyev də öz fikrini ifadə edərək, qeyd edib ki, “Gəncə incəsənəti” bu şəhərin mövcudluğundan üzü bəri, burada müxtəlif istiqamətləriə aid sənət əsərlərini əhatə etməsi baxımından öz universallığı və rəngarəngliyi ilə seçilir və o, istər fundamental elmi, istərsə də kütləvi xarakteri ilə Gəncənin şəhər və el mədəniyyətinini tədqiq edənlər, eləcə də öyrənənlər üçün çox əhəmiyyətli mənbə sayıla bilər.
İclasda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfransının hazırlıq vəziyyəti haqda filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva çıxış edib. O, oktyabr ayının 30-da keçiriləcək bu mötəbər elmi foruma indiyədək 18-i xarici ölkədə çalışan alimlərə məxsus 200-dən çox məqalə göndərildiyini, konfransın 8 istiqamətini əhatə edən materialların artıq birinci hissəsinin toplu halında yığıldığını, eləcə də tədbirin proqramının tərtibi üzrə işlərin də yekunlaşdığını qeyd edib.
Akademik Fuad Əliyev dahi mütəfəkkirimizin ana yurdunda artıq bu mövzuda ikinci beynəlxalq konfransın da ən yüksək səviyyədə təşkili üzrə məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
İclasda Bölmə tərəfindən nəşrə hazırlanan və tarixin müxtəlif dövrlərində erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilən qətliamların mahiyyətinə elmi yanaşma kimi nəzərdə tutulan “Soyqırım” kitabı üzrə işlərin gedişi barədə tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova çıxış edib. O, kitabın birinci hissəsinin artıq siqnal nümunəsinin hazır olduğunu bildirərək, 6 fəsildən ibarət bu nəşrdə 726 ədəbiyyata istinad edildiyini diqqətə çatdırıb.
Növbəti müzakirə Bölmə tərəfindən Gəncə Ensiklopediyasının hazırlanması barədə olub. Bu haqda danışan akademik Fuad Əliyev belə bir ensiklopedik nəşrin ərsəyə gətirilməsinin uzun illər boyu bu elm ocağı üçün aktual məsələlərindən sayıldığını xatırladıb və bu mövzuda işlərin planlaşdırılması və həyata keçirilməsi istiqamətində əməkdaşlara tövsiyələrini verib.
İclasda AMEA-nın Gəncə Bölməsi üçün avadanlıqların alınması məsələsi barədə sədr müavini Rasim Tağıyev məlumat verib.
AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədovun Özbəkistan səfərinə dair hesabatı da dinlənilib. O, Azərbaycandan olan 9 nəfər gəncin sırasında bu ölkədə təşkil olunmuş yay məktəbində iştirak edib.
Y Alməmmədov bu məktəbə qatılmış Mərkəzi Asiya ölkələrindən olan gənc tədqiqatçlarla birgə səmərəli görüşlərdə, diskussiyalarda, elmi təcrübə mübadiləsində və tarixi yerlərin ziyatində iştirak etdiyini bildirib.
İclasda həmçinin AMEA-nın Gəncə Bölməsinə dair qondarma şikayət məktublarının xarakteri haqda da söhbət gedib. Bu işin ən dözülməz tərəfi odur ki, həmin böhtan xarakterli yazılar Bölmədə çalışan bir neçə əməkdaşın imzası altında göndərilir. İştirakçılar, xüsusən də həmin materiallarda adı hallandırılan şəxslər çıxış edərək, öz hiddətlərini bildirib və bu saxta, yalan, nifrət saçan məktublatrın əsl müəlllif və ya müəlliflərinin tapılıb cəzalandırılmasını tələb ediblər.
Bu xoşagəlməz məsələ barədə akademik Fuad Əliyev, fəlsəfə doktoru Sara Əzizova, sədr müavini Rasim Tağıyev, dosent Əlimuxtar Muxtarov, elmi katib Günay Cəfərova, YAP ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli, Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva və digərləri fikir bildiriblər.