XƏBƏRLƏR
25.09.2026 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində 27 Sentyabr - Anım Günü qeyd olunub

   Azərbaycan  Milli  Elmlər Akademiyasinın Gəncə Bölməsi tərəfindən  Elm və Təhsil Nazirliyinin Gəncədə yerləşən elmi-tədqiqat ocaqlarından olan Bioresurslar, Ekologiya və Təbii Ehtiyatlar, Aqrar Problemlər institutları, eləcə də Nəbatat Bağı ilə birgə  “27 Sentyabr: Zəfərə aparan yol mövzusunda  dəyirmi masa keçirilib.

   Dövlət Himnimizin səsləndirilməsi və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan dəyirmi masanı giriş sözü ilə AMEA-nın Rəyasət Heyətinin üzvü,  Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq xatırladıb ki, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb; Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib və millətimizin 44 günlük Vətən Müharibəsi Böyük Zəfər ilə başa çatıb.

   Bugünki tədbiri xalqımız üçün çox əziz və qürurlu an olan Anım Gününün mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edən akademik Fuad Əliyev Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimizin xatirəsinin daim əziz tutulduğunu bildirib, bu baxımdan, Bölmə tərəfindən Gəncənin şəhidlərinə həsr olunan kitab buraxıldığnı da xatırladıb.

   Sonra dəyirmi masanın məruzələri dinlənilib.

   Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov “27 Sentyabrdan 8 Noyabra: Zəfər Gününə doğru”, Nəbatat Bağın direktoru Nizami Nağıyev  “Milli birliyin və Vətən uğrunda savaşın rəmzi olan Dəmir Yumruq”, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Fiziki-kimyəvi analiz laboratoriyasının  mühəndisi Ayşən Əsgərova “27 Sentyabr – Vətən müharibəsinin başlanğıcı və Zəfərə aparan yol”, AMEA-nın Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Tariximizin yaddaşında əbədi izlər”, Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Bir tarix, min duyğu: 27 Sentyabr gənclərin düşüncəsində” və Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin əməkdaşı Nigar Həsənova “27 Sentyabr Azərbaycan xalqın qüruru, əbədi andı” mövzularında çıxış ediblər.

   Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

   Görüşü yekunlaşdırarkən, akademik Fuad Əliyev maraqlı və elmi məzmunlu çıxışlara görə iştirakçılara minnətdarlıq bildirib, həmçinin alim və tədqiqatçıların, o cümlədən elm sahəsini seçmiş gənclərin Vətənin inkişafı naminə  əzmlə çalışmaqlarını əziz Şəhidlərimizin ruhuna daha bir ehtiram əlaməti kimi dəyərlındirib.