AMEA-nın Gəncə Bölməsində görkəmli sənətşünas alim Lətif Kərimovun 120 illiyinə həsr olunan seminar keçirilib
Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” 30 aprel 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Rəyasət Heyətinin - 24 iyun 2026-cı il tarixli 16/1 nömrəli qərarı ilə təsdiq edilmiş Tədbirlər planına əsasən AMEA-nın Gəncə Bölməsində “Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi” mövzusunda seminar təşkil olunub.
Tədbiri giriş sözü ilə açarkən, AMEA nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 20-ci əsr Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin görkəmli nümayəndəsi, xalçaşünas, pedaqoq, Xalq rəssamı, Dövlət mükafatı laureatı Lətif Kərimovun öz yaradıcılığı ilə milli mədəniyyətimizin dünya miqyasında tanınması və təsdiqinə böyük töhfələr verdiyini bildirib.
Akademik Fuad Əliyev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı milli dəyərlərimizin, eləcə də tanınmış şəxslərimizin irsinin qorunması və tanıdılması kimi ali məqsədlərə xidmət edir və bugünkü tədbir də həmin dövlət sənədinin işığında keçirilir.
Seminarda AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitunun Etnoqrafiya şöbəsinin müdiri, dosent Samirə Qasımova “Lətif Kərimovun yaradıcılığında Azərbaycan xalça sənətinin ənənələri və inkişafı”, həmin şöbənin kiçik elmi işçiləri Aytən Əliskəndərova “Lətif Kərimov – milli mədəni irsin keşiyində dayanan böyük sənətkar” və Nərmin Alıyeva “Sənətin dilini elmə çevirən ömür" mövzuları üzrə çıxış ediblər.
Çıxışçılar böyük sənətkarın ömür və yaradıcılıq yoluna nəzər salıblar.
Bildirilib ki, Azərbaycan xalçasının elmi tədqiqi, sistemləşdirilməsi xalçaşünas və sənətşünas alim Lətif Kərimovun (1906, Şuşa – 1991,Bakı) adı ilə bağlıdır. Xalçanı xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin daşıyıcısı hesab edən sənətşünas alimin üçcildlik “Azərbaycan xalçası” monoqrafiyası xalça sənətinin tədqiqinə həsr edilib. Lətif Kərimovun yaratdığı sənət məktəbi bu gün də yaşayır, ideyaları yeni nəsil rəssamlar tərəfindən davam etdirilir, əsərləri isə Azərbaycanın hüdudlarını aşaraq, dünyanın müxtəlif muzey və sərgilərində nümayiş olunur.
Qeyd olunub ki, ilk dəfə olaraq Bakıda və Qubada 1930-cu illərdə xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur.
Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanıb. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.
Lətif Kərimov tanınmış rəssamlarımız ilə birlikdə 1940–1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.
Yerli və beynəlxalq sərgilərdə əsərləri ilə tamaşaçıları heyrətləndirən müəllifin “Əfşan”, “Səfiəddin Urməvi”, “Ləçəkturunc”, “Butalı”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Əsrlərin nəğməsi”, “Əcəmi” və s. qiymətli xalça və eskizləri hazırda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunur.
Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq, xüsusi şöhrət qazandırmışdır. Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir.
Tədbirin sonunda akademik Fuad Əliyev məzmunlu çıxış və müzakirələrə görə iştirakçılara təşəkkür edib.