XƏBƏRLƏR
06.10.2026 / Yubileylər
AMEA-nın Gəncə Bölməsi böyük alimimiz Misir Mərdanovu 80 illik yubileyi münasibətilə təbrik edib

   Bölmənin sədri, akademik Fuad Əliyev yubilyara özü və rəhbərlik etdiyi elm ocağının əməkdaşları adından təbrik teleqramı ünvanlayıb.

   Teleqramda deyilir:

   AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanova

   Hörmətli Misir müəllim!

   Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və elmi-pedaqoji fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

   Şərəfli və məhsuldar ömrünüzün böyük bir hissəsini elmə və təhsilə həsr edən dəyərli ziyalı kimi Siz görkəmli alim, istedadlı riyaziyyatçı, təcrübəli pedaqoq və təhsil təşkilatçısı olaraq Azərbaycan elminin və təhsilinin inkişafına mühüm töhfələr vermisiniz. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü kimi elmi fəaliyyətiniz, riyaziyyat və mexanika sahəsində apardığınız fundamental tədqiqatlar, eləcə də yetişdirdiyiniz alim və mütəxəssislər ölkəmizin elm xəzinəsini zənginləşdirən dəyərli irsdir.

   Uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərməyiniz, gənc nəslin yüksək səviyyədə hazırlanmasına verdiyiniz töhfələr, ümumtəhsil məktəbləri üçün hazırladığınız dərsliklər və riyaziyyat elminin tədrisinin təkmilləşdirilməsi istiqamətində gördüyünüz işlər Sizin elm və təhsil qarşısındakı xidmətlərinizin mühüm göstəricilərindəndir.

   Təhsil naziri kimi fəaliyyət göstərdiyiniz illərdə ölkəmizin təhsil sisteminin inkişafına, onun müasir tələblərə uyğunlaşdırılmasına və bu sahədə mühüm islahatların həyata keçirilməsinə də əhəmiyyətli töhfələr vermisiniz. Dövlətimiz tərəfindən əməyinizin yüksək dəyərləndirilməsi, müxtəlif ordenlərlə təltif olunmağınız və fəxri adlara layiq görülməyiniz çoxillik səmərəli fəaliyyətinizə verilən layiqli qiymətin ifadəsidir.

   Sizin elmi yaradıcılığınız, zəngin pedaqoji təcrübəniz, elmə və təhsilə sədaqətiniz, gənc alim və tədqiqatçılara göstərdiyiniz diqqət və qayğı böyük ziyalı örnəyidir.

   Hörmətli Misir müəllim!

   80 illik yubileyiniz münasibətilə bir daha ən xoş arzularımızı çatdırır, Sizə möhkəm cansağlığı, firavan və mənalı ömür, elmi fəaliyyətinizdə yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi və ailə səadəti arzulayırıq.

   Qoy bundan sonrakı illəriniz də elm və təhsilə xidmət edən zəngin fəaliyyətinizin yeni uğurları, yetirmələrinizin nailiyyətləri və doğmalarınızın sevinc dolu günləri ilə yadda qalsın.

   80 illik yubileyiniz mübarək olsun!

   Arzu edirik ki, 90 və 100 illik yubileylərinizi də Sizinlə birlikdə böyük sevinc və qürur hissi ilə qeyd edək.

   Dərin hörmət və ehtiramla, 

   AMEA-nın Gəncə Bölməsinin sədri Akademik Fuad Əliyev və AMEA-nın Gəncə Bölməsinin əməkdaşları