YAP-ın VIII Qurultayının nəticələrinə dair AMEA-nın Gəncə Bölməsində dəyirmi masa təşkil olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatı tərəfindən “Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsi və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
Elmi toplantı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin AMEA-nın Gəncə Bölməsinin foyesindəki büstünün önünə güllər düzməklə müstəqil dövlətimizin banisinə bir daha ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə AMEA-nın İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb.
O, Cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin Azərbaycanın davamlı inkişafı və beynəlxalq aləmdə tərəqqipərvər mövqeyinin daha da yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Akademik Fuad Əliyev həmçinin qeyd edib ki, Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyimiz və qüdrətli ordumuzun şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərqərar olduqdan sonra ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu baxımdan cəmiyyətimizin, o cümlədən alim və ziyalılarımızın qarşıda mühüm vəzifələr dayanır.
Akademik Fuad Əliyev bugünkü görüşdəki müzakirələrin də məhz bu məsələləri əhatə edəcəyinə ümidvar olduğunu bildirib.
Sonra dəyirmi masanın mövzuları üzrə məruzələr dinlənilib.
YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli “Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Qələbədən yeni inkişaf mərhələsinə”,
AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova “Yeni geosiyasi mərhələdə Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətindən proaktiv diplomatiyaya”, həmin şöbənin kiçik elmi işçisi İlahə Əsədzadə “Azərbaycanın strateji inkişaf və regional inteqrasiya prioritetləri”, Gəncə Bölməsinin Elm və təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova “Müstəqillik təməli və modern gələcək: YAP VIII Qrultayının strateji çağırışları” mövzularında çıxış ediblər.
Çıxışlarda müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü dövlətçilik strategiyasının dayandığı vurğulanıb.
Qeyd olunub ki, Cənab Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər ölkəmizin daha işıqlı gələcəyinin təmin olunması üçün qarşıdakı vəzifələrin aydınlaşdırılması, həmçinin milli maraqlarımızın qorunması naminə Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, regional və qlobal proseslərə təsir imkanlarının daha da artırılması məsələlərini əhatə edən tarixi əhəmiyyətli tezislər kimi qəbul edilməlidir.
Müzakirələrin gedişi zamanı həmçinin müasir tələblərə cavab verən cəmiyyətin formalaşmasında elm və təhsilin, o cümlədən gənclərlə işin mühüm rol oynadığını qeyd olunub, yetişməkdə olan nəslin dövlətçilik dəyərlərinə bağlı ruhda yetişdirilməsi və onların ictimai proseslərdə fəal iştirakının təmin edilməsinin vacibliyi vurğulanıb.
Dəyirmi masanı yekunlaşdırarkən, akademik Fuad Əliyev elmi əsaslara söykənən çıxış və mülahizələrə görə iştirakçilara minnətdarləq bildirib.