XƏBƏRLƏR
21.10.2026 / Mühüm hadisələr
YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr AMEA-nın Gəncə Bölməsində müzakirə olunub

   Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışından irəli gələn vəzifələrə dair Gəncə şəhər təşkilatının rəhbərliyinin və Bölmənin əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

   Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Gəncə Bölməsinin böyük akt salonunda keçirilən, YAP 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəylinin aparıcılıq etdiyi tədbir müstəqil dövlətçiliyimizin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

   Əvvəlcə iştirakçılar ekranda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında etdiyi çıxışın əsas müddəalarını özündə əks etdirən videomaterialı izləyiblər.

   Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının siyasi xəttinin əsasını dövlət müstəqilliyinin qorunması, milli dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin edilməsi, güclü ordu quruculuğu və milli maraqların hər şeydən üstün tutulması təşkil edir. Bu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.

   Qeyd olunub ki, həyata keçirilən siyasətin əsas prioritetlərini ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması, müdafiə qüdrətinin yüksəldilməsi və milli sərvətlərimizdən səmərəli istifadə təşkil edir. Bu baxımdan VIII Qurultayda dövlət başçısının səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Prezidentin çıxışı Azərbaycanın qarşısında duran strateji vəzifələri, gələcək hədəfləri və milli maraqların qorunmasının vacibliyini bir daha aydın şəkildə ortaya qoydu. Bu nitq ölkəmizin inkişaf yolunun davamlılığını, siyasi sabitliyin qorunmasını və milli birliyin sarsılmazlığını bir daha nümayiş etdirdi.

   YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin keçdiyi inkişaf yolunun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Bayram Aslanov qeyd edib ki, Azərbaycanın qazandığı uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, siyasi sabitlik, iqtisadi inkişaf, güclü ordu və xalq-iqtidar birliyi dayanır. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran əsas vəzifələr əldə edilmiş tarixi nailiyyətlərin qorunması, dövlətimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və davamlı inkişafın təmin edilməsidir.

   AMEA-nın Gəncə Bölməsinin sədr müavini, dosent Əlimuxtar Muxtarov çıxışında YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb, dövlət başçısının nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyət, dövlətçilik ənənələrinin və tarixi yaddaşın qorunması, gənclərlə ideoloji işin gücləndirilməsinin vacibliyini qeyd edib.

   Görüşün sonunda Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bir daha iştirakçılara minnətdarlıq bildirib. O, həmçinin Gəncənin ziyalılarının və alimlərinin daim öz fəal ictimai mövqeləri ilə seçildiklərini, dövlətçiliyimizə sədaqət nümayiş etdirdiklərini vurğulayıb.