AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin toplantısında bu elm ocağındakı struktur islahatları müzakirə edilib
Bölmənin Rəyasət Heyətinin genişləndirilmiş iclasında AMEA-nın akademik-katibi, akademik Arif Həşimov və İnsan Reursları şöbəsinin müdiri Aynur Mahmud iştirak ediblər.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları salamlayaraq, elmimizin inkişafına xidmət edəcək yenilik və islahatların mahiyyətinin aydınlaşdırilmadına həsr olunan bu toplantıya qatıldıqları üçün onlara təşəkkürünü bildirib.
Akademik Fuad Əliyev elm sahəsində aparılan islahatların ölkə rəhbəri cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş toplantıda etdiyi proqram xarakterli çıxışı zamanı, elmin müasir inkişaf yolları və bu yöndə ziyalılarımızın, alimlərimizin üzərinə düşən vəzifələr haqda səsləndirdiyi tezislərin icrasına xidmət etdiyini vurğulayıb.
AMEA-nın akademik-katibi, akademik Arif Həşimov bu toplantıda iştirak etməkdən məmnunluq duyduğunu bildirərək, elmi müəssisələrin fəaliyyət və təşkilati strukturlarında səmərəliliyin artırılması istiqamətində aparılan islahatlara Gəncə alimləri tərəfindən daim həssas münasibət nümayiş etdirildiyini qeyd edib.
Akademik A. Həşimov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Gəncənin bu başlıca elm ocağının fəaliyyətini, eləcə də burada nəşr olunan elmi əsərlərin keyfiyyətini daim yüksək qiymətləndirdiyini vurğulayaraq, Gəncə Bölməsinin rəhbərliyinə və əməkdaşlarına onun salamlarını və uğur arzularını çatdırıb.
Akademik A. Həşimov AMEA-da hazırda həyata keçirilən yeniliklərin paytaxtdakı və regionlardakı elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılmasına və elmin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.
AMEA-nın İnsan Reursları şöbəsinin müdiri Aynur Mahmud çıxışında vurğulayıb ki, Rəyasət Heyətinin qərarları ilə həyata keçirilən struktur dəyişiklikləri və institusional islahatların əsas hədəfləri kəmiyyət göstəricilərindən keyfiyyət dəyişikliklərinə keçmək, elmi məzmunun yenilənməsi, beynəlxalq görünürlüyün artırılması və digər qabaqcıl elmi göstəricilərin əldə edilməsidir.
Aynur Mahmud Gəncə Bölməsinin bir sıra institut və şöbələrində həyata keçirilən struktur və kadr islahatları tədbirlərinin mahiyyətini iştirakçılara ətraflı izah edib.
Bölmənin əməkdaşları da çıxışlarında aparılan islahatları dəstəlkədiklərini bildiriblər.