XƏBƏRLƏR
10.05.2021 / Mühüm hadisələr
ULU ÖNDƏRİN XATİRƏSİ YAD EDİLMİŞDİR

     Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi  respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də qeyd edilir.

    Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının keçirdiyi onlayn konfransda Milli Elmlər Akademiyası Gəncə Bölməsinin əməkdaşları da iştirak etmişlər.  

    Artıq uzun illərdir ki, bu tarixi şəxsiyyətin anım günü Gəncə şəhərində alimlərin, politoloqların, ziyalıların iştirakı ilə elmi-praktiki konfransla öz işini davam etdirir. Bu il isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn formatda elmi-praktik konfrans keçirilmişdir.

   Görkəmli dövlət xadimlərinin, politoloqların xalqı, dövləti üçün həyata keçirdiyi möhtəşəm layihələr, adətən uzun illər keçdikdən sonra insanlar  tərəfindən mənimsənilir.

   Şəhərimizin milli-mənəvi dəyərlərinin, sosial-iqtisadi sahələrdə inkişafının təməli ötən əsrin 70-ci illərində Ulu Öndərin verdiyi qərar və sərəncamlar əsasında həyata keçirilən böyük layihələr nəticəsində mümkün olmuşdur. Həyata keçirilən layihələrin hər biri elmi-texniki nailiyyətlərə əsaslanaraq xalqın gələcək inkişafı naminə gerçəkləşdirilirdi.

   Müxtəlif sahələrədə çalışan alimlərin ən ümdə vəzifələrindən biri Ulu Öndərin təsdiqlədiyi layihələrin gələcək inkişaf perspektivini görmək və onların kütləyə çatdırılmasında vasitəçi rolunu oynamaqdır.

   Ulu Öndərin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş bu onlayn konfransda Heydər Əliyevin uzun illər ərzində apardığı daxili və xarici siyasəti, sosial və iqtisadi sahədə həyata keçirdiyi möhtəşəm işlər bir daha alimlər və dövlət xadimləri tərəfindən öyrənilərək çıxışlarda təqdim edilmişdir.

   Konfransda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Heydər Əliyev və Gəncə”, Bölmənin YAP ərazi təşkilatının sədri Elnur Həsənov “Heydər Əliyev və gənclər siyasəti” mövzularında məruzələr etmişlər.

    Hər il Ulu Öndərə həsr olunan və YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən elmi-praktik konfranslarda edilən məruzələr, çıxışlar toplanıb yoxlamadan keçirilərək sonrakı illərdə nəşr edilir.