XƏBƏRLƏR
17.06.2022 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının hesabat yığıncağı keçirilib

TƏŞKİLATIN HESABATI 2017 - 2022-Cİ İLLƏRİ ƏHATƏ EDİR

   

   AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev  hesabat yığıncağını güriş sözü ilə açaraq,  bu tədbirdə iştirak edən AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri, hüquq üzrə elmlər doktoru, professor  Habil Qurbanovu salamlayıb,   toplantının işinə uğurlar arzulayıb.

   AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva  da yığıncağa qatıldığına görə professor Habil Qurbanova təşkilatın üzvləri adından minnətdarlığını bildirib.

   AMEA Gəncə Bölməsi Həmkarlar Təşkilatının 2017-2022-ci illər ərzində apardığı işlər haqda hesabatı Bölmənin YAP ilk Partiya Təşkilatının, həmçinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov səsləndirib.

   O, bildirib ki, hesabat dövrü ərzində Bölmənin institut, şöbə, laboratoriya və digər qurumlarında  çalışan işçilərin əmək və soial hüquqlarının təminatı baxımından ardıcıl tədbirlər həyata keçirilmişdir. Əvvəlki dövrlərdə olduğu kimi, göstərilən zaman kəsiyi ərzində də  hər il  bölmənin onlarla əməkdaşına müxtəlif məbləğlərdə maddi yardımlar, istirahət məkanlarına yol vərəqələri,  mükafatlar, ərzaq paketləri və digər bu kimi vasitələr ilə maddi-mənəvi dəstək göstərilmişdir.

   Çıxışçı  hesabatda ayrı-ayrı illər ərzində bu qəbildən olan yardımların statistikasını da səsləndirib. Təkcə cari 2022-ci ildə Novruz Bayramı və 27 Mart Elm Günü münasibətilə əməkdaşlara ümumi hesabla 5673 manat  məbləğində yardım olunub.

   Həmçinin qeyd edilib ki, Ali Baş Komandanın rəhbərliyi altında Böyük Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsi ilə bağlı  AMEA Gəncə Bölməsi kollektivi adından “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım” eləcə də   “Yaşat” və “Qarabağ” fondlarına  ümumi hesabla 7245 manat məbləğində pul köçürülüb.

   AMEA Gəncə Bölməsi İşlər İdarəsinin müdiri Rasim Tağıyev öz çıxışını bu elm ocağında aztəminatlı ailələri təmsil edən əmkdaşların sosial müdafiəsinin  təminatı, eləcə də son bir neçə ilin planetar bəlasına çevrilmiş COVİD-19 virusunun fəsadları ilə mübarizə məsələləri üzərində qurub. O, qeyd edib ki, AMEA Gəncə Bölməsində çalışan əməkdaşların istər profilaktik, istərsə də müalicə tədbirlərinin operativ həlli istiqamətində real addımlar atılıb və  iş yerlərinin mütəmadi dezinfeksiyası tədbirlərinin həyata keçirilməsi, kollektivin vaksinasiya prosesinin  vaxtında başa çatdırılması, işçilərə, xüsusən də xəstəliyə yoluxmuş əməkdaşlara zəruri dərman preparatlarının paylanması bu qəbildən olan tədbirlərdir.

   Toplantıda iştirak edən, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov  çıxışına Gəncə şəhərinin ildən-ilə gözəlləşdiyini qeyd etməklə başlayıb və bu şəhərin baş elmi müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.

   Habil Qurbanov hesabatda göstərilənləri təqdirəlayiq hal kimi xarakterizə edib və yerlərdən gələn hər bir təklif və təqdimatlara rəhbərlik etdiyi qurum tərəfindən həmişə həssaslıqla yanaşıldığını  vurğulayıb.

   Habil Qurbanov həmçinin həmkarlar qurumlarının işinin yalnız maddi yardımlar üzərində deyil, insan həyatı və məişətinə aid bir sıra digər tədbirlərə də diqqət yetirilməsi yönündə qurulmasının məqsədəuyğunluğu haqda fikirlər də söyləyib. O, zehni fəliyyətlə məşğul olan insanlar üçün yay gəzintilərinin, görməli yerlərə turların təşkili kimi məsələlərlə bərabər, Gəncə Bölməsində çalışan gənc alimlər üçün ən yaxşı tədqiqatlar müsabiqələrinin təşkilinin də faydalı olacağını qeyd edib.

   Professor H. Qurbanov həmçinin işçilərin məzunuyyət məsələsində də yeniliklər edilməsinin, onların istəyinə və ilin müxtəlif vaxtlarında əlverişlilik şərtlərinə uyğun olaraq, məzuniyyətin hissə-hissə götürülə bilməsi ideyasının da reallaşdırılmasının mümükün olduğunu bildirib.

   Toplantının sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev fəal iştirakına, işgüzar, faydalı məsləhət və ideyalara görə professor Habil Qurbanova təşəkkürünü bildirib, burada səslənən təklifllərin həyata keçirilməsi istiqamətində birgə çalışacaqlarını qeyd edib.