XƏBƏRLƏR
21.10.2019 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsinin gənc alimi mükafata layiq görülüb

Gənc alim Elnur Həsənov 2019-cu ildə dünyanın ən yüksək istinad əmsallı nəşrlərində çoxsaylı elmi əsərlərinin çapına görə mükafata layiq görülüb.

 Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin gənc alimi Elnur Həsənov AMEA Prezidenti, akademik Akif Əlizadənin 09 oktyabr 2019-cu il tarixli 673 nömrəli sərəncamı və AMEA Rəyasət Heyətinin qərarına əsasən, 2019-cu ildə dünyanın ən yüksək istinad əmsallı nəşrlərində çoxsaylı elmi əsərlərinin çapına görə mükafata layiq görülüb.

Gənc tarixçi alimin ötən müddət ərzində Gəncə şəhərinin tarixi və etnoqrafiyasına dair elmi əsərləri ingilis, alman və portuqal dillərində nüfuzlu beynəlxalq elmi bazalar olan “Web of Science” və “Scopus” sistemlərinin Q2 və Q3 dərəcəli yüksək impakt faktorlu jurnallarında çap olunub. Qeyd olunana elmi məqalələr ABŞ, Almaniya, Braziliya, Türkiyə, Rumıniya və İtaliyanın nüfuzlu elmi nəşrlərində dərc edilib.

Elnur Həsənovun Son illərdə Gəncə şəhərində həyata keçirilmiş Azərbaycan-İtaliya beynəlxalq arxeoloji və etnoqrafik elmi ekspedisiyalarının əldə etdiyi nəticələrin dünyada təbliğinə həsr edilən bu əsərlərinə “WoS”, “Google Scholar”, “Scopus” kimi elmmetrik bazalarda yerli və xarici alimlər tərəfindən 418 dəfə istinadlar edilib.

Elm üzrə Prezident mükafatı ilə təltif edilmiş gənc tədqiqatçı ölkəmizdə 35 yaşa qədər alimlər və gənc mütəxəssislər arasında impakt faktorlu elmi nərşlərdə ən çox əsərləri dərc olunmuş mütəxəssisdir. Onun elmi tədqiqat işlərinin uğurlu nəticələri dünyanın 61 ölkəsində ingilis, alman, ispan, rus, italyan, türk, fransız və portuqal dillərində nəşr edilib.