XƏBƏRLƏR
18.12.2019 / Mühüm hadisələr
“HİKMƏT YARPAQLARI”

 

 

       Azərbaycan Milli  Elmlər  Akademiyası  Gəncə  Bölməsi   Nizami  Gəncəvi Mərkəzinin əməkdaşları  tərəfindən  nəşr  edilən “Hikmət  yarpaqları”  kitabı  maraqlı  tədqiqat  nümunəsi kimi   yaradıcılığı çox az  tədqiq olunan, Azərbaycan  ədəbiyyatının  istedadlı nümayəndələrindən biri,  Nizami  Gəncəvi  soyuna mənsub  şair Əli  Şövqi Şeyxzamanlının   həyat  və  yaradıcılığına   həsr   olunmuşdur.

      Kitabda  XIX  əsrin sonu  XX  əsrin  əvvəllərində  yaşamış  istedadlı   şairin  ədəbi  irsindən nümunələr, əlyazmaları  yer  almışdır. 

      Əli Şövqi Nizami  Gəncəviyə  bağlı  şairlərdəndir, soyadının  kökündə olan Şeyx Zaman XIX əsrin məşhur  həkkaklarından  biridir. 

      Kitabın transliterasiya, tərtib və önsözünün müəllifi  professor  Xəlil Yusifli  yazır ki,  Əli Muxtar oğlu Şövqi  özünün yazdığına  görə  bugünkü  təqvim ilə 1882-ci ilin mart ayının  sonu və ya  aprel ayının əvvəllərində  Gəncədə anadan olmuşdur.  Əvvəlcə evdə sonra isə məktəbdə təhsil alan  Əli Şövqi  türk, fars,  rus  dillərini öyrənmişdir.  O,  Tolstoyun əsərlərini rus dilində,  Firdovsinin “Şahnamə”sini  farsca  oxumaq  qabiliyyətinə malik olmuş,  farsca  gözəl  şeirlər  yazmışdır. İlk  şeirlərini Şeyx  imzası ilə  yazan  şairin  sonradan  Şövqi  təxəllüsü  götürməsi  haqqında  kitabda  ətraflı məlumat  verilir.           

     Professor  Xəlil  Yusifli  kitaba  yazdığı önsözündə qeyd  edir ki,  Əli Şövqinin  yaradıcılığı  öz  müasirlərinin  yaradıcılığına  təsir  etmiş,  cəmiyyətdə  baş verən ictimai-siyasi  hadisələr  yaradıcılığında  dərin iz  buraxmışdır.  1905, 1918  və 1920-ci illərdə  baş  verən  qanlı  hadisələr  onun  yaradıcılığında  öz  geniş  əksini tapmış,  hələ o vaxt ermənilərin azərbaycanlılara  qarşı  törətdiyi faciələri  dərin ürək ağrısı ilə  qələmə  almış,  rus və erməni  fitnələrinin qurbanı olub  doğma  torpağından  didərgin düşən, doğma  yurd-yuvasını tərk edən  soydaşlarımızın  faciəvi həyatını  kəskin poetik dillə  təsvir  etmişdir.         

     Əli  Şövqi  yaradıcılığına  Məhəmməd  Füzulinin  təsiri  xüsusilə  nəzərə çarpır.  Dahi  şairin dövrün  ağrı-acılarından  bəhs edən  “Olandan sor”  rədifli  şeirinə  yazdığı  nəzirədə bu  özünü  daha  qabarıq  göstərir. Əli Şövqidə nəzirənin  tələblərinə tam əməl  edilməsə də, qafiyə başqa  cür olsa da,  fikrin obrazlı təsviri, ideya  çox  yaxındır.                                                              

        M. Füzuli  yazır:         

                                         Gözü  yaşlıların halın nə bilsin mərdümi-qafil,          

                                          Kəvakib seyrini şəb ta  səhər bidar olandan sor.                                                    

       Əli  Şövqi  yazır:                                                                                                                                                  

                                        Bilirmi əğniyalar qış günü  yoqsulların halın?                                                                        

                                   Bu əhvalı  özü  qaçqın, evi  talan olandan sor.                                                         

       Professor  xüsusi  vurğulayır ki,  Əli Şövqi qəlbi, ruhu insanlıq, gözəllik, vətən üçün döyünən istedadlı bir  şairdir,  o, unudulmağa  deyil, öyrənilməyə, araşdırılmağa, əsərləri oxunmağa  layiq bir  sənətkardır.  AMEA  Gəncə  Bölməsinin nəşr  etdiyi  yeni  kitab  şairin  unudulmaqda  olan  maraqlı və zəngin   ədəbi  irsinin araşdırılıb-öyrənilməsinə və  nəşrinə  sanballı  töhfədir.                                                                                                                                     “Hikmət  yarpaqları”  kitabı  Əli  Şövqi  Şeyxzamanlı  ədəbi  irsini  tədqiq  edənlər  üçün  qiymətli  bir  mənbədir.

Vaqif  Tanrıverdiyev