XƏBƏRLƏR
18.10.2023 / Mühüm hadisələr
“Gəncə tarixinin aktual problemləri” mövzusunda AMEA Gəncə Bölməsində elmi konfrans keçirilib

   Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində AMEA Gəncə Bölməsi tərəfindən  “Gəncə tarixinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. İki gün davam edən bu elmi toplantı sözügedən göstərilən mövzu üzrə sayca 5-ci konfrans olub. Tədbirə AMEA Gəncə Bölməsi ilə yanaşı, paytaxtın bir sıra elmi-tədqiqat və təhsil ocaqlarından da məruzəçilər qatılıblar. Konfransın işində Gəncə şəhəri İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da iştirak edib.

   İlk müşavirədən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət ediblər.

   AMEA Gəncə Bölməsinin böyük salonunda keçirilən konfransın başlanğıcında Azərbaycan Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiəlik sükutla yad olunub.

   Konfransı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları və qonaqları salamlayaraq, Bölmədə keçirilən bir sıra silsilə tədbirlər kimi, bu elmi görüşün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2022-ci il tarixində imzaladığı Sərəncamla elan olunan “Heydər Əliyev İli”nə həsr edildiyini qeyd edib.

   Akademik F. Əliyev həmçinin millətimiz üçün çox əlamətdar bir tarixi an, Müzəffər Ali Baş Komandanın bütün Azərbaycanlıların həsrətlə gözlədiyi hadisəni gerçəkləşdiərərək, Xankəndi üzərində müqəddəs Bayrağımızı ucaltması  münasibətilə hamını təbrik edib.

   Akademik Fuad Əliyev “Gəncə tarixinin aktual problemləri” mövzusunda keçirilən konfransın dövlətçiliyə xidmət edən tarixi təcrübənin öyrənilməsi və təbliği baxımından olduqca faydalı olduğunu vurğulayıb.

   Konfransın ilk günündə AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, dosent Şəhla Quliyeva “Gəncədə nəşr olunan elmi jurnallar”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin həyat və yaradıcılığı Gəncənin tarixi salnaməsidir”, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun böyük elmi işçisi Mətanət Əliyeva “Gəncə xanlığının Azərbaycanın dövlətçilik tarixində rolu”, AMEA Mərkəzi Elmi Kitabxanasının Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova “AMEA Mərkəzi Elmi Kitabxanasında Gəncə elmi-ədəbi mühitinə aid qorunan nəşrlər”, AMEA Mərkəzi Elmi Kitabxanasından  Səyyarə Məmmədova “XI-XII əsrlərdə Gəncə şəhərində kitab və kitabxana mədəniyyəti”, Gəncə Dövlət Universitetinin dosenti Elza Paşayeva “Müstəqillik illərində Gəncə şəhərinin iqtisadi, elmi və mədəni potensialı” və AMEA Gəncə Bölməsinin Elmi Katibi Elnur Həsənov “Gəncə kurqan mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

   Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da çıxış edərək şəhər rəhbəri Nizyazi Bayramovun adından konfrans iştirakçılarını salamlayıb. O, Gəncənin tarixinin öyrənilməsi, eləcə də digər elmi istiqamətlərdə AMEA Gəncə Bölməsinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.

   Konfransın ikinci günündə də iştirakçıların Gəncə tarixinin bir sıra səhifələrinə dair məruzələr dinlənilib.

   Konfransa ümumən 17 məruzə təqdim edilib. Onlar ayrıca kitabça şəklində çap olunub.

   Sonda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  iki gün davam etmiş konfransın işinin çox məhsuldar xarakterini vurğulayaraq, səslənmiş elmi məqalə və təkliflərin tədqiqatçılar üçün faydalı olacağına ümid etdiyini bildirib.