XƏBƏRLƏR
30.11.2023 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsində Nizami Gəncəvinin poetik irsinin musiqimizdə təcəssümünə dair seminar təşkil olunub

   Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi və Gəncə Dövlət Universitetinin birgə təşəbbüs və təşkilatçılığı ilə “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami Gəncəvinin poetik irsindən istifadə” mövzusunda elmi seminar keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Seminarı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev seminarın çox maraqlı proqramına diqqət çəkərək, onun  elmi cəhətdən məzmunu ilə yanaşı, tələbə xorunun üzlərinin musiqi nömrələri ilə ifasının bu görüşə xüsusi ab-hava gətirəcəyinə ümid etdiyini bildirib. O, həmçinin Nizaminin poetikasının öz-özlüyündə yüksək musiqi ruhunu daşıdığını qeyd edərək, bu günkü seminarın da  dahi şairin  dünyasına musiqişünaslıq bucağından bir baxış xarakteri daşıdığını vurğulayıb.

   Seminarın əsas mövzusu üzrə sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva çıxış edib. O, dahi şair və mütəfəkkirimiz Nizami Gəncəvinin poetik irsinin daim Azərbaycan bəstəkarlarının tükənməz ilham mənbəyi olduğundan söhbət açıb. S. Qurbanəliyeva  öz elmi fəaliyyətində sözügedən mövzu üzrə araşdırmalar apardığından qürur hissi keçirdiyini bildirib. O, həmçinin AMEA Gəncə Bölməsində təşkil olunmuş bu günkü görüşü bir elm və musiqi bayramı kimi səciyyələndirib.

   Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin prorektoru dosent Pərvin Kərimzadə seminar iştirakçılarını bu maraqlı görüş münasibətilə təbrik edərək, bu cür tədbirlərin mənəvi dəyərlərimizin təbliği yönündə əhəmiyyət daşıdığını bildirib. O, təşkilatçılara, xüsusən AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevə təşəkkür edib.

   Sonra Gəncə Dövlət Universitetinin tələbə xor kollektivi Nizami Gəncəvinin sözlərinə bəstələnmiş, həmçinin dahi şairimizə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər. Onların ifaları iştirakçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

   Seminarın iştirakçıları bir daha bu cür maraqlı görüşdən məmnun qaldıqlarını dilə gətiriblər.