XƏBƏRLƏR
29.12.2023 / Konfranslar, iclaslar
Nizami Gəncəvi Mərkəzinin direktoru Özbəkistnda keçirilən elmi konfransda iştirak edib

   AMEA Gəncə Bölməsinin xarici ölkələrin elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığı ildən-ilə genişlənir. Gənənin bu başlıca elm ocağının təmsilçilərinin mötəbər konfransalara dəvətlərinin artması faktı da buna sübutdur.

   Bu günlərdə Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov  Özbəkistanlı həmkarlarının, eləcə də bu ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəvətilə Daşkənd şəhərində keçirilən nüfuzlu beynəlxalq konfransa qatılıb.

   “Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi üzrə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə keçirilib.

   Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan konfransda iştirakçılar Mərkəzin foyesində təşkil olunmuş “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisi ilə də tanış olublar. Sərgidə dahi şairimizin Azərbaycan dilində, həmçinin Mərkəzi tərəfindən özbəkcə nəşr etdiyi kitablar təqdim edilib.

   Konfransda Azərbaycan, Özbəkistan və Türkiyənin nizamişünas alimləri, Daşkənddəki ali təhsil müəssisələrinin pedaqoqları və tələbələri, gənc  tədqiqatçılar iştirak ediblər.

   Konfransı giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbaycan və Türk dünyası mədəniyyəti, ədəbiyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin daim dahi mütəfəkkirin irsinin öyrənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğinin diqqət mərkəzində saxladığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə «Nizami Gəncəvi ili» elan olunduğunu və bu münasibətlə dahi şairə həsr olunmuş çoxsaylı layihələr, tədqiqatların həyata keçirildiyini xatırladıb.

   Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının Türk dünyasına və ümumən  bütün Şərq aləminə böyük təsiri və bu amilin ədəbiyyatla yanaşı, mədəniyyət, musiqi, fəlsəfi təfəkkürdə də özünü parlaq şəkildə göstərməsi məsələlərindən danışıb. Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük Nizami Gəncəvi yaradıcılığının türkdilli xalqların poeziyasının formalaşmasında mühüm əhəmiyyətindən danışan Abduğaffor Qırğızbayev şairin ədəbi irsinin təbliği sahəsində Özbəkistanda da mühüm işlərin görüldüyünü qeyd edib. Özbəkistanda Nizami Gəncəvi yaradıcılığına daim  yüksək dəyər verildiyinin bildirən rektor, bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verildiyini və şairin Daşkənddə büstünün ucaldığını qeyd edib.

   Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov, eləcə də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Erkin Nuriddinov Nizami Gəncəvi yaradıcılığının Türk poeziyasının nəhənglərindən olan Əlişir Nəvai, Məhəmməd Füzuli və digər böyük şairlərin bəhrələndiyini vurğulayaraq, bu müdrik şəxslərin ruhən bir-birinə yaxınlığının əsas səbəbini də onların türk mənsubiyyətinə, yəni eyni soy, kök, düşüncə və fikir tərzinə malik olmaları ilə bağlayıblar.

   Konfransda həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvinin türklüyü təkzibolunmaz faktdır”, Türkiyədən olan alim, dosent doktor Fikri Aydemir “Türkiyədə Nizami Gəncəvi tədqiqatları”, azərbaycanlı alimlərdən filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Türk bədii ədəbiyyatında Nizami Gəncəvi təsiri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin nəsil şəcərəsi və yaşadığı tarixi ərazi”, özbəkistanlı alimlərdən dosent Salimaxan Eşanova “Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundakı Nizami Gəncəvi əlyazmalarının təsnifatı”, dosent Mahbuba Orazbayeva “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcümələri” adlı məruzələrlə çıxış ediblər.

   Gəncəli alim, Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov  məruzəsinin şairin doğma yurdunu təmsil edən bir tədqiqatçı kimi məxsusi diqətlə qarşılandığını bildirib.

   “Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə şəhəri və onun ətraflarında yaşayan əhalinin əsas kütləsini türklərin təşkil etdiyi, Cənubi Qafqazın mədəni, ictimai-siyasi proseslərində mühüm rol oynadığı eramızın ikinci yüzilliyindən, yəni Nizaminin dövründən hələ min il əvvəl roma tarixçiləri və coğrafiyaçıları, beşinci əsrdən başlayaraq isə bizans, gürcü və ərəb tarixçiləri tərəfindən təsdiq edilmişdir. Dahi Azərbaycan mütəfəkkirinin əsərlərində təsvir edilən tarixi Gəncə torpağı, 1139-cu il Gəncə zəlzələsi, Kəpəz dağı, Həmdünyan kəndi, Arran, Bərdə, Ərmən, Muğan və digər toponimlər 800 ildən artıq bir zamandan bəri Nizami Gəncəvinin milli mənsubiyyətinin üvanını müəyyənləşdirən mühüm tarixi faktlardır. Həmçinin  Nizami Gəncəvinin “Xəmsə” sində aparıcı olan türk təfəkkürü, türk düşüncə sistemi və dahi mütəfəkkirin  milli mənsubiyyəti əsaslandıran dəlillərdəndir. Xüsusilə dahi mütəfəkkir məsnəvilərində konkret faktlarla türk  olduğunu, Gəncədə yaşadığını vurğulamışdır” – deyə, o, məruzəsinin daha çox maraq doğurmuş məqamlarından danışıb.

   Konfransın məruzələrdən sonra tədbir iştirakçılarına Nizami Gəncəvinin həyatı və yaradıcılığından bəhs edən “Azərbaycandan parlayan günəşi” adlı sənədli film təqdim olunub.

   Konfransın  nəticəsi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türk dünyası alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslar elmi tədqiqatlar cəmiyyəti” təsis edilib və onun gələcək fəaliyyət strategiyası müzakirə olunub.

   Konrans ərəfəsində və ondan sonra Azərbaycandan gələn nümayəndələr bir sıra maraqlı və gərəkli görüşlərə də qatılıblar. Belə ki, onlar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, Daşkənddə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrində yaradılmış Azərbaycan ocaqlarında, o cümlədən  Dövlət Şərqşünaslıq Universitetində Ümummilli liderin 100 illik yubileyi münasibəti ilə fəaliyyətə başlayan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzində, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyat Universiteti nəzdində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Elmi Tədqiqat Mərkəzində olublar, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilinin 25-ci ildönümünə həsr olunmuş “Qardaşlıq bağlarını möhkəmlətmək yolunda” adlı beynəlxalq konfransda iştirak ediblər.

   Daşkənddəki görüşlər zamanı Azərbaycanlı nümayəndələr, o cümlədən Gəncə təmsilçisi Ə. Muxtarov faydalı kitab mübadiləsi aparıblar.

   “AMEA Gəncə Bölməsində nəşr edilən "Heydər Əliyev və Gəncə",  "İlham Əliyevin Gəncə şəhərinə səfərləri" "Ata vəsiyyəti", görkəmli nizamişünas, əməkdar elm xadimi, unudulmaz müəllimimiz professor Xəlil Yusiflinin "Nizaminin lirikası", həmçinin  Ə.Muxtarovun "Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı" kitabları Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim olundu. Samir müəllim də öz növbəsində Mərkəz tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə 3 dildə nəşr edilən "Heydər Əliyev. 100 kəlam" kitabını  və Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın xalq şairi, mərhum Camal Kamalın Nizami Gəncəvinin "Xəmsə"sinin Özbək dilinə ilk tərcüməsini, "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" və digər kitabları AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinə və Gəncə şəhər Nizami Gəncəvi Muzeyinə hədiyyə etdi” – deyə, Ə. Muxtarov Daşkənddəki beynəlxalq konfransın nəticələri haqda AMEA Gəncə Bölməsində keçirilən görüşdə  bildirib.

   Özbəkistandanı konfrans  günlərində alimlərimiz həmçinin Daşkənd şəhərindəki tarixi abidələr, muzey və incəsənət mərkəzləri ilə tanış olublar, Özbəkistan Yazıçılar İttifaqına da baş çəkiblər.