XƏBƏRLƏR
02.05.2024 / Konfranslar, iclaslar
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan respublika konfransı

   İKİ GÜNLÜK KONFRANS GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ, AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ, ONUN BU ŞƏHƏRDƏ YERLƏŞƏN BİORESURSLAR İNSTİTUTU VƏ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  GƏNCƏ BÖLMƏSİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ “BOYAQ BİTKİ XAMMALLARI VƏ TULLANTILARININ EMALI” MÖVZUSUNDA  KEÇİRİLİB.

 

   Konfransın iştirakçıları Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə güllər qoyub, müasir Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə ehtiram bildiriblər.

   Tədbirin keçirildiyi məkanın – AMEA Gəncə Bölməsinin böyük salonunun foyesində ölkəmizin ikinci şəhərində çalışan alim və tədqiqatçıların nailiyyətlərini əks etdirən sərgiyə baxışkeçirilib.

   Respublika konfransında  Gəncə şəhər İcra Hakimiyyətini şöbə müdiri Yadigar Bədəlov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürov da iştirak ediblər.

   Konfransa paytaxtın, Gəncənin, Şəkinin və Naxçıvanın elm ocaqlarını təmsil edən alim və tədqiqatçılar bilavasitə qatılıb, yaxud təşkilat komitəsinə öz məruzələrinin göndəriblər.

   Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Respublika elmi konfransını giriş sözü ilə AMEA Gəncə Bölməsinin və şəhər Ziyalılar Cəmiyyətinin sədri, akademik Fuad Əlyev açaraq, iştirakçıları salamlayıb, bu günki konfransın Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının işığında keçirildiyini vurğulayıb və bu mötəbər elmi forumu həmin sərəncamın müddəalarından  irəli gələn vəzifələrin yerinə yetirilməsinə ziyalıların və alimlərin töhfə verməsi istiqamətində təşəbbüslərindən biri kimi dəyərləndirib.

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Gəncə) direktoru, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov öz çıxışında konfransın proqramının çox zəngin olduğunu, məruzə və çıxışların xüsusən ekoloji problemlərin həlli üçün qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə inandığını vurğulayıb.

   AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü cari ilin“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezidentimizin Sərəncamının müddəalarında da vurğulandığı kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, respublikamızda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində köklü işlər aparıldığını vurğulayıb. Y.Şükürlü bu istiqamətlərdə təşəbbüs və tədqiqatları koordinasiya məqsədilə bölgələrimizin elm ocaqları arasında əlaqələrin genişləndirilməsinin məqsədəuyğnluğunu qeyd edib.

   Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında konfransın mövzu və miqyas baxımından yüksək səviyyəsini qeyd edib. O, alimlərimizin ölkənin elmi, iqtisadi və mədəni potensialının artırılmasına verdikləri töhfələrin Azərbaycanın çiçəklənməsinə xidmət etdiyini vurğulayıb. Y. Bədəlov    qeyd edib ki, Prezident İlham Əliyevin  müstəqil dövlətimizin qüdrətinin yüksəldilməsi naminə apardığı ardıcıl və qətiyyətli daxili və xarici siyasəti nəticəsidə ölkəmizin nüfuzu və Beynəlxalq aləmdə mövqeyi möhkəmlənir və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, COP29-un bu il Azərbaycanda keçiriləcəyi də bunu təsdiq edən faktlardandır.

   Sonra konfransın plenar iclası başlayıb. Tədbirin ilk günü Gəncə Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Aynur Bayramova, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Əfqan Hüseynov, Bioresurslar İnstitutunun (Gəncə) əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent  Aişə Həsənova, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, aqrar elmlər üzrə İzabella Qasımova, Aqrar Problemlər İnstitutunun dosenti,  aqrar elmlər üzrə fəlsəfə doktoru Aygün Babayeva,  Gəncə Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Tünzalə İsgəndərova, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan Müzakir Məmmədov və Şəki Regional Elmi Mərkəzin elmi katibi Vəfa Atayeva şıxış ediblər.

   Konfransın ikinci günündə “Biotexnologiyalar”, “Ekoloji bitki boyaları”, “Qida təhlükəsizliyində boyaq bitkilərinin əhəmiyyəti”, “Biomüxtəliflik və onun qorunması”, “Bitki mənşəli tullantilarinin təkrar emalı və tətbiqi” mövzularını əhatə edən  bölmələr üzrə iclaslarda ümumən 32 məruzə dinlənilib, yaxud təşkilat komitəsi tərəfindən qəbul edilib.