XƏBƏRLƏR
15.05.2024 / Konfranslar, iclaslar
Gəncənin ekoloji problemlərinə dair dəyirmi masa keçirilib

   Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasi  Gəncə Bölməsi tərəfindən Ölkə  Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair verdiyi Sərəncamın tələbləri üzrə bu əlamətdar ilə həsr olunan “Gəncənin ekoloji problemləri. Torpaq və su ehtiyatlarının qorunması” mövzusunda   dəyirmi masa təşkil olunub.

   AMEA Gəncə Bölməsinin dəyirmi salonunda keçirilən tədbirdə bölgənin ekoloji problemləri müzakirə edilib.

   Dəyirmi masanı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev müasir dövrdə ekoloji problemlərin  daim diqqətdə saxlanılmasının aktuallığını vurğulayayaraq, Gəncə və onun ətraf bölgəsində çalışan alim və tədqiqatçıların bu coğrafiyanın təbiəti və insan resursları üçün birbaşa və dolayısı ilə təhlükə yarada bilən məsələlərin həlli yönündə fəaliyyətlərinin gücləndirməsinin vacibliyini qeyd edib.    

   Sonra dəyirmi masanın elmi məruzələri dinlənilib.

   AR ETN Nəbatat Bağının Biomühəndislik, biotexnologiya və geobotanika şöbəsinin müdiri, b.ü.f.d., dosent Ramidə Quliyeva “Gəncə şəhəri ətrafının bitki örtüyündə ekoloji amillərin təsirilə baş verən dəyişkənliklər”, AMEA Gəncə Bölməsi  Nizami Gəncəvi Mərkəzinin direktoru,  fil.ü.f.d.Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin yaradıcılığında yaşıl dünya”, AR ETN Aqrar Problemlər İnstitutunun Alternativ enerjidən istifadə şöbəsinin müdiri, b.e.d., professor Vəfa Məmmədova “Gəncə çayının ekoloji cəhətləri”, AR ETN Bioresurslar İnstitutunun direktoru, k.ü.f.d., dosent İmran Qasımov ”Gəncənin bitki örtüyünün qorunması” və AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, k.ü.f.d., dosent Mahirə Şərifova “Sənaye tullantıları və onların səmərəli istifadəsi” mövzuları üzrə çıxış ediblər.

   Məruzələr, eləcə də ekoloji problemlərə dair digər məsələlər ətrafinda  müzakirələr aparılıb.

   Müzakirələrin yekununda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçılara fəallıqlarına görə minnətdarlıq bildirərək, bu görüşü bölgəmizin ekoloji məsələlərinin elmi həllinə töhfə verilməsi istiqamətində daha bir addım kimi səciyyələndirib. Akademik Fuad Əliyev cənab Prezidentin dünyanın ekoloji problemlərinin həllinə Azərbaycanın əhəmiyyətli töhfələr verməsi məsələsinə diqqətlə yanaşdığını qeyd edib.