
AMEA Gəncə Bölməsində 28 May Müstəqillik Günü ilə bağlı dəyirmi masa keçirilib
Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən 28 May Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edib, önünə gülər qoyaraq, müstəqil Azərbaycanın memarının əziz xatirəsinə ehtiram bildiriblər.
AMEA Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözündə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 1918-ci ilidə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xaıq Cümhuriyyətinin yaranması ilə bağlı olan 28 May – Müstəqillik Gününün tariximizin ən şərəfli səhifələrindən olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin daim xalqımızn azadlıq və istiqlaliyyətimizin əldə olunması uğrunda mübarizəsinin tarixi təcrübəsinin öyrənilməsi və ondan lazımi nəticələr çıxarılması məsələlərinə, Xalq Cümhuriyyətimizin varisliyi prinsiplərinə xüsusi diqqət verdiyini qeyd edib və müasir dövrümüzdə onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin suverenliyimizin və ərazi bütövlüyümüzün tam və qəti şəkildə bərqərar edilməsi yönündə tarixi vəzifəni uğurla gerçəkləşdirdiyini və bununla dünya miqyasında Azərbaycanın gücünü və nüfuzunu təsdiq etdiyini vurğulayıb.
Akademik Fuad Əliyev həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi məsələləri haqda danışaraq, AMEA Gəncə Bölməsi tərəfindən bu mövzuya, xüsusən Cümhuriyyətin Gəncə səhifələri və bu şəhərdən olan xadimləri haqda çox sayda monoqrafiya və digər elmi ədəbiyyat çap edildiyini qeyd edib.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva çıxışında 28 May Müstəqillik Gününə həsr edilmiş bu günkü görüşü Gəncənin alim və tədqiqatçılarının tariximizin öyrənilməsinə daha bir töhfəsi kimi dəyərləndirib. O, AMEA Gəncə Bölməsinin şəhərimizin elmi və ictimai həyatında daim fəal mövqeyini qeyd edib. S. Qocayeva müstəqil Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün Prezident İlham Əliyevin müasir dünyanın tələbləri baxımından böyük uğurla davam etdirildiyini bildirib və ölkəmizin daha işıqlı gələcəyi üçün hər birimizin fəal çalışmalı olduğunu qeyd edib
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutundan t.ü.f.d., dosent Samirə Qasımova Xalq Cümhuriyyətimiz Azərbaycanın tarixi sərvətidir”, t.ü.f.d., dosent Nərgiz Rəsulova “İrəvanın ermənilərə verilməsi - Cümhuriyyət liderlərinin səhvi, yoxsa məcburiyyət”, İctimaiyyətlə əlaqələr şöbəsindən Zakir Muradov“ Azərbaycan və Türkiyənin İstiqlalına töhfə vermiş Hüsaməddin Tuğac”, Nizami Gəncəvi Mərkəzindən Təranə Verdiyeva “Xalq Cümhuriyyəti və Gəncə”, k.e.i. Aynur Mirişli ”Gəncənin cümhuriyyət şairləri”, Elmi kitabxanadan Vüsalə Hüseynova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik”, Humanitar Tədqiqatlar İnstitutundan e.i. Sənubər Abdinova “Azərbaycan Xalq Cümhuriyyət diplomatları: Adilxan Ziyadxanov” və Fatimə Qurbanova “Azərbaycan Xalq Cümhuriyyət diplomatları: Musa bəy Rəfiyev, Nəsib bəy Yusifbəyli” mövzularında məruzə etiblər.
Məruzələr və digər çıxışlar ətrafında müzakirələr aparılıb.
Dəyirmi masanın yekununda akademik Fuad Əliyev məruzələrin və səsləndirilən fikirlərin faydalı olduğunu bildirərək, iştirakçılara təşəkkür edib.