AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev toplantını açarkən uzun müddət Bölmənin tərkibində fəaliyyət göstərmiş Nəbatat Bağında, eləcə də Gəncə Dövlət Universitetində gənc alim kimi yetişən biologiya elmləri doktoru Aynur Bayramovanın böyük uğuru haqda haqda xoş xəbəri toplantı iştirakçılarına çatdırıb. Belə ki, bu günlərdə Elm və Təhsil Nazirliyi Nəbatat Bağının Bitki Ehtiyatları şöbəsinin müdiri, biologiya elmləri doktoru Aynur Bayramova Azərbaycan Respublikasının Prezidenti yanınında Ali Attestasiya Komissiyasının qərarı ilə Professor Attestatına layiq görülüb.
Akademik Fuad Əliyev yüksək elmi ad almış Aynur Bayramovanı Gəncənin bu başlıca elm ocağının əməkdaşları adından qızılgül dəstəsi ilə təbrik edib, ona elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıb, bir gənc alim kimi onun öz tədqiqatları ilə cəmiyyətimizin ümumi inkişafına gərəkli töhfələr verəcəyinə inandığını bildirib.
Biologiya elmləri doktoru, professor Aynur Bayramova AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə, bu elm ocağının əməkdaşlarına təşəkkür edib. O, Gəncənin müasir elmi mühitinin yaradılmasında böyük rol oynayan akademik Fuad Əliyevin daim gənc alimlərin düzgün istiqamətləndirilməsi və yetişməsində də böyk əməyi olduğunu vurğulayaraq, özünün də bir bacarıqlı alim kimi formalaşmasında ona, eləcə də uzun müddət çalışdığı və həmişə doğma ailə kimi saydığı bu elm ocağında çalışan həmkarlarına bir daha minnətdarlıq hisslərini bidirib.
Toplantıda “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın , o cümlədən Bölmənin tədbirlər planına müvafiq olaraq həyata keçirilən məsələlər də müzakirələ olunub. Həmçinin 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29 kimi tanınan Tərəfdaşlar üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Bakıda keçiriləcək qarşıdakı 29-cu Konfransı ilə bağlı alimlərin üzərinə düşən vəzifələr haqda danışılıb.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Yaşıl dünya naminə həmrəylik ili”ndə bir daha aktuallığı diqqətə çatdırılan məsələlərin – doğma torpağımızın, hava və suyumuzun, flora və faunanın, ümumən Vətənimizin təbiətinin qorunması məsələlərinə həssas, faydalı və yaradıcı münasibətin istər alimlərimizin, istərsə də hər bir sadə vətəndaşın ümdə vəzifəsi olduğunun vacibliyini qeyd edib.
Toplantı iştirakçıları bu məsələlərə dair fikir və təkliflərini bildiriblər.