
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində “Qərbi Azərbaycanın şirin inciləri” kitab-albomunun təqdimatı olub
Müəllifləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının və TÜRKSOY-un “Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənəti Birliyi” nin prezidenti Tahir Əmiraslanovun və Aynurə Əmiraslanovanın olduqları kitab AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin 02. 07. 2024 tarıxli 6/7 saylı qərarı ilə nəşr olunub.
Tədbirin başlanğıcında Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AMEA Gəncə Bölməsini sədri, akademik Fuad Əliyev “Qərbi Azərbaycanın şirin inciləri” kitab-albomunun respublikamızın ikinci şəhərində təqdimetmə mıərasimini açaraq, son dövrlər milli mətbəximizin elmi baxımdan araşdırılması və beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində köklü işlər görən tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovu və toplantının digər qonaqlarını salamlayıb. O, müəllifi Azərbaycan mətbəxinin əsrlərdən gələn xüsusiyyətlərini dərindən araşdıran, onu mədəniyyətimizin tərkib hissəsi səviyyəsində təqdim etməyi bacaran şəxs kimi xarakterizə edib.
Akademik Fuad Əliyev tarixən milli mətbəximizin “yemək yalnız insanın doyması üçün deyil, sağlamlığına xidmət etməsi üçündür” amili üzərində qurulduğunu dilə gətirərək, bu gün müzakirə mövzusu olan kitabda da bu başlıca prinsipin gözlənildiyini qeyd edib.
Tahir Əmiraslanovun AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşı, gənc tədqiqatçı Aynurə Əmiraslanova ilə birgə yazdığı "Qərbi Azərbaycanın şirin inciləri" kitabı Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların növlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatı əhatə etməsinin təqdirəlayiq elmi yanaşma kimi dəyərləndirilib.
Tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslasnov çıxış edərək, AMEA Gəncə Bölməsnin sədri, akademik Fuad Əliyevə elmimizin hər bir sahəsinə, eləcə də ictimai faydalı təşəbbüslərə daim həssas yanaşdığına, elə bu baxımdan da milli mətbəx dünyamızdan bəhs edən bu kitabı yüksək dəyərləndirdiyinə görə minnətdarlıq bildirib. O, özünün ilk dəfə elmi xarakterli məqaləsini də bu elm ocağında, o vaxtki Gəncə Elm Mərkəzində hazırladığını vurğulayıb.
Müəllif həmçinin qeyd edib ki, kitabın ərsəyə gəlməsi və onun təqdimatlarının keçirilməsi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində reallaşdırılıb. T.Əmiraslanov bu nəşrin , 2020-ci ildə cap olunmuş və dünyanın ən yaxşı kulinariya kitabı elan edilmiş “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabının davamı olduğunu və hazırda arxiv materrialları əsasında “19-cu əsr İrəvan Şəhərinin Mətbəxi” kitabının işlənildiyini də vurğulayıb.
“Qərbi Azərbaycanın şirin inciləri” lahiyəsinin rəhbəri və kitabın həmmüəllifi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin kicik elmi işçisi Aynurə Əmiraslanova çıxışında Qərbi Azərbaycan şirniyyatları ilə Gəncə Şirniyyatları arasındakı oxşarlığin mahiyyətindən danışıb, onların hər ikisinin eyni düşüncə tərzinin məhsulu olduğunu göstərib. O, həmçinin bu təamların əksəriyyətinin Nizami Gəncəvinin kitablarında əks oldunğunu da faktlarla nümayiş etdirib.
Kitabın rəyçisilərindən, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin əzəli yurd yerlərimizdən olan Qərbi Azərbaycana qayıdış konsepsiyasının sülh yolu ilə, öz milli–mənəvi qüdrətimizə, elmimizə, inkişafımıza güvənərək gerçəkləşəcəyi haqda fikirlərini xatırladaraq, bu işə alim və təqiqatçıların da öz töhfələrini verməsinin, o cümlədən elə bu gün müzakirə olunan kitabın da həmin qayıdışın daha da yaxınlaşmasına xidmət etdiyini dilə gətirib.
AMEA Gəncə Bölməsi Tarix Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova çıxış edərkən, əsrlər boyu ailə daxilində uşaqlara ədəb-ərkanın, tərbiyənin məhz süfrə arxasında təlqin edildiyinə və bu ənənənin bu gün də milli dəyər kimi qorunduğuna diqqət çəkib və sözügedən kitabın da bu ruhda yazıldığının hiss edidiyini vurğulayıb. O, həmçinin onun səhifələrində keçmiş zamanların səyyahlarının qeydləri də daxil olmaqla, tutarlı tarixi dəlillərdən, eləcə də bütün varlığı ilə elin mənəvi ruhunun simvolu olan Aşıq Ələsgərin söz dünyasından yeri gəldikcə, istifadə edildiyini təqdirəlaiq hal kimi xarakterizə edib və coğrafi mühitin təsiri məsələsindən də danışıb.
“Qərbi Azərbaycanın şirin inciləri” kitabının xüsusiyyətləri haqda tədbirə qatılan qonaqlar da öz fikirlərini bildiriblər.
Azərbaycan Texnologiya Universitetindən - Qida Mühəndisliyi fakultəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Mehman İsmayov, Qida Mühəndisliyi və Ekspertiza kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mərdan Tağıyev, həmin kafedranın dosenti, texnika üzrə fəlsəfə doktoru Afət Qasımova, turizm sənayəsinin təşkili kafedrasının baş müəllimi Fizuli Musayev , eləcə də Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin şirniyyatçı ixtisasının müəllimi Fidan Mahmudova öz çıxışlarında kitabın mütəxəssislər, eləcə ali və peşə üzrə təhsil müəssələrində tədris prosesi üçün faydalı olduğunu qeyd ediblər.
“Zilli” şirniyyat evinin qənnadçısı Mətanət Əlizadə kitabın şirniyyatların hazırlanmasında praktiki tətbiqindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin üzvüləri Səlbi Baxış və Aləmzər Əlizadə kitabın nəşrinin mədəni bir hadisə olduğunu da qeyd ediblər.
Tədbirin yekununda AMEA Gəncə Bölməsinin sədri müəlliflərə və iştirakçılara maraqlı görüş və dəyərli fikir mübadilələrinə görə təşəkkür edib. O, həmçinin elmi mahiyyət daşıyan hər bir faktın, o cümlədən mətbəximizə aid əsərlərin patentləşdirilməsinin, müəllif hüquqlarına nail olunmasının vacibliyi məsələsini də xatırladıb. O, ermənilərin plagiat adətinin qarşısının alınmasında alimlərimizin öz patent və müəllif hüquqlarının təminatının həlledici rolu olacağına diqqət çəkib.
Qeyd olunub ki, bölmə tərəfindən “Gəncə süfrə mədəniyyəti” kitabı da hazırlanacaq.
Tədbirdə iştirak edən bütün qonaqlara yeni nəşr olunmuş kitab təqdim olunub.
Qeyd edək ki, 216 səhifədən ibarət “Qərbi Azərbaycanın şirin inciləri” kitabı iki dildə – Azərbaycan və İngilis dillərində mətnlərə malikdir. Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyatlar ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq oxuculara ilk dəfə təqdim edilib.
Kitabda unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və şərbətlərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Nəşr üçün ön sözü Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva yazıb. Kitabın sonunda isə 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı bilgilər verən 63 respondent haqqında məlumatlar yer alır.