
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda akademik Fuad Əliyevin75 illiyi münasibətilə tədbir keçirilib
Əməkdar elm xadimi, kimya elmləri doktoru, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin yubileyinə həsr olunan təbrik toplantısında Gəncənin elmi mühitinin nümayəndələri iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Fuad Əliyevi müasir Azərbaycan elminin görkəmli nümayəndəsi, eləcə də bu sahənin inkişafında özünün yorulmaz təşkilatçılıq fəaliyyəti, eləcə də bilikli və bacarıqlı kadrlar yetişdirməsi ilə elm tariximizə düşmüş böyük şəxsiyyət kimi xarakterizə edib, onun 75 illik həyatının müdriklik və zənginliklə birləşdiyini vurğulayıb. O, Gəncənin iqtisadi və mədəni yüksəlişində bu böyük ziyalının xüsusi rolunu vurğulayaraq, onun əməyinin hər zaman dövlətimiz tərəfindən qiymətləndirildiyini qeyd edib.
Təbrik sözləri ilə Gəncənin ali təhsil və elmi-tədqiqat sahələrində fəaliyyət göstərən elmlər doktorları, professorlar - Əhəd Nəbiyev, Elman Mövsümov, Məntiq Cəfərov, Aynur Bayramova, Ələddin Tağıyev, AMEA-nın Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov və digərləri çıxışlarında əsl alim və əsl insan ömrü yaşamış Fuad Əliyevin həyatının və fəaliyyətinin gənc nəsil üçün layiqli örnək olduğunu vurğulayıblar.
Yubilyara bu əlamətdar günü tarixə əbədi həkk edəcək bürünc xatirə lövhəciyi və möhtəşəm gül dəstəsi hədiyyə edilib.
Akademik Fuad Əliyev ölkəmizin qocaman elmi-tədqiqat müəssisələrindən olan BMTBETİ-nin rəhbərliyi və əməkdaşlarına, həmçinin Gəncənin digər elm və ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlarına göstərdikləri həsaalıq və ehtirama görə dərin minnətdarlıq bildirib. O, ölkəmizin inkişafı və elmimizin tərəqqisi naminə, Gəncənin alim və tədqiqatçılarının öz səylərini artıracaqlarına inandığını qeyd edib.
Sonra yubilyarın şərəfinə xüsusi hazırlanmış tort kəsilib və təbrik sözləri, eləcə də elmimizin inkişafına dair söhbətlər çay süfrəsi arxasında davam etdirilib.