
AMEA-nın Gəncə Bölməsində Xocalı soyqırımına həsr olunan dəyirmi masa
Bu il Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 33-cü ildönümü tamam olur. Bu münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa keçirilib.
Öncə iştirakçılar Gəncə Bölməsinin foyesində Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto və kitab sərgisi ilə tanış olmuşlar.
Tədbir Xocalı soyqırımında erməni quldurları tərəfindən qətlə yetirilmiş insanların, həmçinin Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xankəndində yerləşən Sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Faciə nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 150 nəfər itkin düşmüş, 1275 nəfər isə girov götürülmüşdür.
O, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadəti və millətimizin həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Zəfərlə ərazi bütövlüyümüzün qəti şəkildə təmin olunması ilə Vətən torpaqlarımızın düşmən tapdağından azad edilən hər bir guşəsi, o cümlədən başı bəlalar görmüş Xocalı da çiçəklənən diyara çevrilməkdədir.
Dəyirmi masa iştirakçıları Xocalı soyqırımından bəhs edən videoçarxa tamaşa etdikdən sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d. Əlimuxtar Muxtarov “Xocalı soyqırımının dünyada tanıdılması - Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş Komandan İlham Əliyevə", Bölmənin Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin müdiri dosent, t.ü.f.d. Nərgiz Rəsulova “Erməni xəstəliyinin soyqırım cinayətlərinə gətirib çıxaran fəsadları”, Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, dosent, t.ü.f.d. Samirə Qasımova “Xocalı soyqırımına aparan yola siyasi-tarixi baxış”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Xocalıya ədalət kampaniyasının beynəlxalq arenada əks-sədası”, Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva "Xocalı faciəsinin sosial-psixoloji təsirləri”, Elmi kitabxananın müdiri Vüsalə Hüseynova “Xocalı soyqırımı: Kütləvi məzarlıqlar”, Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin laborantı Nigar Həsənova “Xocalı soyqırımı. Xocalı dünən və bu gün ” mövzularında çıxış ediblər.
Çıxışlarda həmçinin qeyd edilmişdir ki, Xocalı faciəsini ermənilərin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi dəyərləndirən ölkə başçısının uzaqgörən, qətiyyətli siyasəti nəticəsində hazırda dünyanın 21 dövləti Xocalı qətliamını əsl soyqırım kimi tanıyır və qəbul edir. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının erməni faşizminin insanlığa qarşı cinayətkar əməllərinin ifşa edilməsində xüsusi rolu vardır.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda AMEA-nın sədri maraqlı çıxışlar və mülahizələrə görə iştirakçılara minnətdarlıq bildirib.
Tədbirin sonunda AMEA-nın əməkdaşları Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə şəhər ictimaiyyətinin tədbirinə də qatılaraq, Gəncədə ucaldılan “Xocalı soyqırımı” abidəsini də ziyarət ediblər.