XƏBƏRLƏR
13.12.2021 / Konfranslar, iclaslar
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  dahi Azərbaycan  şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə  verdiyi Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyəti,  Gəncə şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  və  Gəncə Bölməsinin təşkilatçılığı ilə  “Nizami Gəncəvi ili”nə həsr  edilmiş  elmi-praktik konfrans keçirilmişdir.

   Elmi-praktik  konfransın işində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi,  AMEA-nın akademikləri, Nizamişünas alimlər və xarici qonaqlar   iştirak etmişlər. Konfrans  nümayəndələri  ulu öndər Heydər Əliyevin Gəncənin Mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, heykəl önünə tər  çiçəklər düzmüşlər.

   Elmi-praktik konfransın  iştirakçıları   AMEA Gəncə Bölməsində təşkil olunmuş “Nizami Gəncəvi 880” sərgisi  ilə tanış olmuşlar. Sərgidə  “Nizami Gəncəvi ili” çərçivəsində Gəncə Bölməsində nəşr olunan  monoqrafiya və kitablar, müxtəlif xarici ölkələrindəki dünya şöhrətli  kitabxana və muzeylərdə saxlanılan  əlyazmalarının və əsərlərinə çəkilmiş  miniatürlərin  sürətləri,  Nizami Gəncəvinin  ədəbi irsinin tədqiqi və təbliğinə dair  məqalələr nəşr olunmuş   jurnallar nümayiş etdirilir.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev elmi-praktik konfransı  açaraq iştirakçıları salamlamış,  sonra Dövlət Himninin səsləndirilməsi və 44  günlük Vətən müharibəsi şəhidlərinin  xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsi ilə konfrans öz işinə başlamışdır.

   Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd  Tomiyev ölkə başçısının Sərəncamına əsasən   “Nizami ili”  çərçivəsində  şairin vətənində həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir.

   AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktoru, akademik İsa Həbibbəyli məruzəsində demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2021-ci ili  “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli mütəfəkkirlərin tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi  diqqətin və böyük qayğının əməli ifadəsidir.

   Akademik  İsa Həbibbəyli  demişdir ki, akademiya özünün  Nizamişünaslığa aid zirvə tədbirini Gəncə şəhərində keçirməklə  bütövlükdə Azərbaycan alimlərinin dahi Nizami Gəncəviyə olan sonsuz məhəbbətini  ifadə edir.  Elmi-praktik konfrans bunun  parlaq təzahürüdür.

   AMEA-nın M.Füzuli adına Əlyazmaları İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və  Avrasiya Yazıcılar Birliyinin sədri Yaqub Öməroğlunun Nizami Gəncəvinin həyat və yaradıcılığı, dünya ədəbiyyatındakı yeri və rolu, Nizami Gəncəvi dühasının bəşəriyyətin ədəbi fikir tarixinə töhfələri haqqında məruzələri dinlənilmişdir.

   Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin  aparıcı elmi işçisi,  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil səcərəsi”,  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq  şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Təhminə Bədəlova “Xosrov və Şirin”də Azərbaycan Atabəyləri”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Özbəkistanda Nizami Gəncəvi ənənələri”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi,  filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvinin içtimai idealı”,  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Xuraman Hümmətova “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində  hind şahzadəsinin nağılında ezoterik bilgilər”,  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yelena Teyer “Nizami Gəncəvi əsərlərinin Avropada öyrənilməsi və tərcüməsi”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Gəncəli şair  Nizami qlobal şəxsiyyətdir”,  Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Xəyalə Hüseynova “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd peyğəmbərlik və  insanlıq etalonu kimi”  mövzularda məruzələr etmişlər.

   Elmi-praktik konfransda dinlənilən məruzələr ətrafında  müzakirələrdə  çıxış edənlər  ölkə başçısının Nizami Gəncəvinin 880 illiyi haqqında Sərəncamını dahi şairin şəxsiyyətinə və ədəbi irsinə, azərbaycançılığa etiramın ifadəsi kimi   dəyərləndirmişlər.

   Konfransda dünyanın görkəmli dövlət xadimləri və tanınmış siyasi liderlərinin Nizami Gəncəvi  haqqında fikirlərinin yer aldığı video-süjet nümayiş  olunmuşdur.                            Akademik İsa Həbibbəyli konfransın işinə yekun vuraraq dahi şair və mütəfəkkir Nizami Gəncəvinin ana vətəni Gəncədə keçirilən elmi-praktik konfransı  “Nizami ili”nə  sanballı töhfə kimi dəyərləndirmişdir.

   Nizami Gəncəvinin 880 illiyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  nəşr edilən  yeni kitab və monoqrafiyalar  Gəncə Bölməsinin kitabxanasına hədiyyə edilmişdir.  Yeni nəşrlər iştirakçlara da təqdim olunmuşdur. Tədbir çərçivəsində  qonaqlar  Nizami Gəncəvinin Məqbərəsini ziyarət etmiş,  Gəncədə raket hücumuna məruz qalmış Qələbə Parkında olmuşlar.