Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi doktoranturaya sənəd qəbulu elan edir
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına qəbul”una və AMEA Rəyasət Heyətinin 18 may 2026-ci il tarixli 12/1 nömrəli qərarına əsasən AMEA-nın Gəncə Bölməsi fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir. Sənəd qəbulu portal.edu.az vasitəsilə 19 may 2026-cı il tarixindən 9 iyun 2026-cı il tarixi saat 18:00-dək həyata keçiriləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura: - 2 yer
Humanitar Tədqiqatlar İnstitutu
5717.01 “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə - 1 yer
Diyarşünaslıq İnstitutu
5503.02 “Vətən tarixi” ixtisası üzrə - 1 yer
Qəbul şərtləri:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd təqdim edə bilərlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün AMEA-nın Gəncə Bölməsinin Elm və Təhsil şöbəsinə müraciət etmək olar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər, AMEA-nın Gəncə Bölməsinə təqdim edilməlidir:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).
Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+994 22) 266 78 29