Fuad Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik |
Əliyev Fuad Yusif oğlu 1950-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1972- ci ildə təhsilimi başa vuraraq kimyaçı alim ixtisası almışdır.
1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda mühəndis, elmi işçi vəzifələrində işləmişdir.
1976-cı ildə qiyabi olaraq aspiranturaya daxil olmuş və 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1981-ci ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini və Gəncə Elm Mərkəzinə rəhbərliyinə göndərilmişdir.
1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
140 elmi əsərin, 17 elmi ixtiranın və 8 monoqrafiyanın müəllifidir.
İctimai-siyasi fəaliyyəti - 1974-cü ildə Aşqarlar Kimyası İnstitutunun komsomol komitə katibi, 1981-91-ci illərdə Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı, «Ekologiya və təbii sərvətlər» daimi Komissiyasının sədri, 1991-95-ci illərdə Gəncə şəhər Soveti Rəyasət Heyətinin üzvü, 1996-cı ildən Şəhər İcra Hakimiyyəti Kabinetinin üzvü kimi ictimai vəzifələrdə fəaliyyət göstərmişdir.
1996-cı ildən Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini və Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
2000-ci ildə Gəncə şəhər İcra Hakmiyyətinin «Fəxri Fərmanı» və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin «Fəxri Fərmanı» ilə təltif olunmuşdur.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalına, 2006-cı ildə isə Prezidentin digər fərmanı ilə Əməkdar elm xadimi adına layiq görülmüşdür.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişəm. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvüdür.
2015-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri təyin edilmişdir.
Ailəlidir. 2 övladı, 2 nəvəsi var.