Sevda Qurbanəleva Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutu İncəsənət şöbəsinin müdiri |
Qurbanəliyeva Sevda Firudin qızı 960-cı il noyabrın 13-də Gəncə şəhərində anadan olmuşdur.
Gəncə şəhərində Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim kimi işə başlamış, ictimai əsaslarla Texnikumun Gənclər Təşkilatına rəhbərlik etmişdir.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, Gəncə Dövlət Universitetində dosent, onun təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış Musiqi fənləri kafedrasının müdiri, professor vəzifələrinə seçilmişdir.
Elmi iş müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru adını almışdır.
Dəfələrlə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsinə üzv seçilmiş, “Yerli sosial məsələlər” daimi komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunmuş, bu vəzifədə çalışdığı beş il ərzində elm və təhsil sahəsində, həmçinin milli mədəniyyətin təbliği və sosial yönümlü bir çox uğurlu layihələr həyata keçirilmişdir.
Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Gəncə şəhər Təşkilatının İdarə Heyətinin, YAP Gəncə şəhər Təşkilatının Şura və İdarə Heyətinin üzvü kimi səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan musiqisinin nəzəri-estetik xüsusiyyətləri, musiqinin tərbiyəvi əhəmiyyəti, ədəbiyyatla musiqinin qarşılıqlı əlaqələri, musiqinin tədrisi metodikası kimi problemləri, Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Fikrət Əmirovun, Qəmbər Hüseynlinin yaradıcılığını musiqişünaslıq elmi baxımından tədqiq etmiş, əldə etdiyi elmi nəticələr təcrübədə tətbiq olunmuşdur.
Kiyevdə “Elmi ədəbiyyatlar” silsiləsində “Nizami Gəncəvinin musiqi dünyası” adlı monoqrafiyasının nəşri Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin slavyan mədəniyyətinin ən qədim mərkəzində təbliğinə, Avropa alimləri və mütəxəssisləri tərəfindən zəngin mənəvi irsimizin öyrənilməsinə xidmət edir.
Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş 70-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin və tədris proqramlarının müəllifidir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Dissertasiya Şurasının üzvü kimi fəaliyyət göstərir və onlarla elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsinə təqdim olunmuş dissertasiyanı rəsmi opponent kimi rəyləndirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin “İncəsənət” şöbəsində onun rəhbərliyi ilə qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində yaşayıb-yaradan mədəniyyət xadimlərinin yaradıcılıq irsinin, incəsənətin müxtəlif sahələrinin inkişaf tarixinin, səciyyəvi cəhətlərinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılmışdır.
Respublika, Beynəlxalq elmi konfrans və seminarlarda, dövri mətbuatda çıxış etmiş, Gəncədə bir sıra elmi-praktik konfrans və seminarların təşkilatçısı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və Respublikanın əməkdar müəllimidir.